>Info zum Stichwort texten | >diskutieren | >Permalink 
Savalan qrupununun Savalanla sohbeti schrieb am 28.2. 2008 um 23:20:29 Uhr über

texten

»Sazı urvatdan salmaq olmaz«

Fəxrəddin Salim saza Allahla ünsiyyət vasitəsi kimi baxır

Zaman keçdikcə aşıq sənəti, hava-havacat daha çox durulaşmaqdadı. Söz var deyirlər: su axa-axa durular. İnsan daha çox bu duruluq içində özünü tapır, özünə qayıdır.
Aşıqlığımız böyük intibah yolu keçmiş, tarixi gələnəkləri götürüb gələn böyük sənətkarlıq və həyat məktəbidir.
Tanınmış, adlı-sanlı aşıqlarımız bütün dövrlərdə zəmanənin seçdiklərindən olub. Tarixi, böyük yol keçən aşıqlarımız, zaman-zaman zəngin hava-havacat yaratmış, geniş bir repertuarla bu günümüzə çata biliblər.
Aşıq repertuarında diqqəti daha çox çəkən qədim havalarımızdı. Çünki bu havalar konkret bir tarixlə bağlıdır. Təəssüflər olsun ki, bu gün unudulmaqda olan qədim havalarımız da az deyil. Çalışıram ki, aparıcısı olduğum »Yurd yeri«, »İrəvan çuxuru« verilişlərdə ustad aşıqlarımızı daha çox dəvət edim. Dəfələrlə bir çox ustad aşıqlarımızla dövlət radiosunun »Xalq yaradıcılığı« redaksiyasının efirindən yayımlanan verilişlərdə söhbətlərim olub. Həmişə olduğu kimi, indi də saza-sözə meyilli gənclərimiz çoxdur. Mən özüm də bir gənc kimi sazın sehrini hiss edirəm. Bu işin qulpundan yapışmağım da elə bu səbəbdəndir. Çalışıram ki, verilişimə dəvət etdiyim ustad aşıqları qəzet-yurnal sahifələrinə də çıxarım. Belələrindən biri də Ozan Fəxrəddin Salimdir. Bir dəfə radionun gecə efirində »El havası« verilişində Fəxrəddin Salimin ifalarını səsləndirdim. Hesab elədim ki, bu ifalar gecə vaxtı daha maraqla dinlənər. Amma reyissorumuz bildirdi ki, bu havaların səhər gedən verilişlərdə də verilməsi yaxşı olar. Çünki səhər verilişlərinin dinləyicisi çox olur. Beləliklə, Fəxrəddin müəllimi verilişə dəvət etdim. Bir neçə havanı səsləndirdi.
Veriliş gecə 00.30-da efirə getdi. Verilişdən bir gün sonra bir dinləyici zəng edib söylədi ki, o havaların təsiri mənə çox şeyləri yaşatdı.
Elə bu hisslərlə Fəxrəddin müəllimə bir də müraciət etməli oldum. Fəxrəddin Salim bir ozan kimi dinləyicilərimizə, televiziya tamaşaçılarımıza yaxşı tanışdır. O, yaratdığı »Savalan« qrupunun həm də solistidir. Bir sözlə, Fəxrəddin Salimi tanıyanlar onun barmağından qopan gülləri fərqləndirə, ayırd edə bilirlər. Bir də ona görə ki, o, ürfan havaların mahir ifaçısı, həm də təbliğatçısıdır. O, haqq yoluna qulluq edən adamdı. »Savalan« qrupu da belə bir istəkdən yaranıb. Fəxrəddin Salim həm də maraqlı tədqiqatçı alim kimi də fəaliyyətdədir. AMEA-nın Folklor İnstitutunda Aşıq yaradıcılığı şöbəsində də elmi işçi kimi çalışır.
Fəxrəddin müəllimlə bu dəfəki görüşümüz isə »Yuğ« teatrında baş tutdu. Xoş təsadüf idi, teatrda məşq gedirdi.

- Fəxrəddin müəllim, »Yuğ« teatrı ilə əlaqələriniz nə vaxtdandır. Bir qədər teatrın özü haqda. İndi »Savalan« qrupu nə üzərində çalışır. Tamaşaçılara nəyi təqdim etmək fikrindədir?
- »Savalan« qrupu »Yuğ« teatrıyla uzun müddətdir ki, əməkdaşlıq edir. Hətta burada iki tamaşa da oynamışıq. Birinci tamaşa »Üz tuturam Tanrıya« adlanır. Əsərin musiqisi Norveçdə yaşayan soydaşımız Qalib Məmmədova aiddir. Sözləri isə mənimdir. İkinci tamaşamız isə səhnədə çox oynanılıb. Ən azı 50 dəfə. Bu tamaşa Yunis Əmrənin şeirlərinə bəstələnmiş ilahilərdi. Hər iki tamaşanın reyissoru isə »Yuğ« teatrının yaradıcısı, hörmətli sənətkarımız Vaqif İbrahimoğludur. Teatrın gələcəyi daha parlaqdır. Ona görə ki, çox oriyinal üslubda fəaliyyət göstərir. Dediyim kimi, bizi yaradıcılıq imkanlarımız, üslublarımız birləşdirir.
- Fəxrəddin müəllim, niyə efirdə az-az görünürsünüz?
- Efirdə görünmürəm, bu, təbiidir. Yəqin ona görə ki, xarakterimdə gördüyüm işləri təbliğ eləmək meyli yoxdur. Dostlardan, tanışlardan da elə bir xahiş etmirəm. Sağ olsunlar, kim dəvət etsə, mən də məmnuniyyətlə gedirəm. Söz var deyir: »Çağrılan yerə ar eləmə, çağrılmayan yeri dar eləmə«. Mən sənətdə peşəkarlığa üstünlük verən adamam. Çalışıram ki, mükəmməl bir sənət yaradım, bir xalq kimi sufi-dərviş dünyagörüşünə qayıda bilək. Bu havalara indi ehtiyac daha çoxdur. Düzü, toylara da çox nadir hallarda gedirəm. Çox arzu edərdim ki, toylarımızın səmti, yönü, ruhu dəyişsin. Düşünə bilək, oxuduğumuz, oynadığımız havalar bizi daha çox yetkinliyə aparsın. Sazda sonsuz gözəlliklər, sirlər cəm olub. Sazın simlərində Yunis Əmrə, Əhməd Yasəvi, Hz. Mövlanə, Şəms Təbrizli ruhu yaşayır. Biz bu ruha qayıda bilməliyik. Bu ruh əsil həyatdır. Bəzən böyük rəssamlar, şairlər, yazıçılar, peşəkar musiqiçilər öz əsərlərinə, yaratdıqlarına həyatlarının bir hissəsi kimi baxırlar. Mən də öz sazıma həyatımın böyük bir hissəsi kimi baxıram. Çünki ruhum da, könlüm də sazımladır.
- Saz həm də bir məktəbdir. Öyrədəndir, loru desək, adamı həm də yontalayan, rəndələyəndir. Sazın dərki ustad görməkdən keçir. Necə deyərlər, ustad şilləsi yeməyəndən ustad olmaz. Maraqlıdır, ustadınız kim olub, bu simli taxtanın sirlərini kimdən öyrənmisiniz?
- Düzünü deyim ki, ustada qulluq etməmişəm. Saza-sözə sevgim, sonsuz məhəbbətim məni sazla bağrı-badaş elədi. Özümü dərk eləyəndən saza könül verdim. Sazda ilahi qüvvə var. Sazda Allahla ünsiyyət yaratmaq imkanı var. Sazdakı ilahi qüvvə məni özünə elə bağlayıb ki, dünyadan gedənə qədər mənimlədi. Dediyim kimi, sazı körpəliyimdən sevmişəm. Özümü xoşbəxt saymağa haqqım var. Çünki bütün arzularımı sazda tapmışam.
- Fəxrəddin müəllim, siz sufi-dərviş, səmayi havaları daha çox ifa edirsiniz. İstərdim bu havalar haqqında danışasınız. Sazı sufiliklə bağlamaq nə qədər düzgündür?
- Mən sazı sufilikdən, təsəvvüf dünyagörüşündən ayrı saymıram. Saz daim yaradana qovuşmağa meyillidir. Sazın bətnində olan sufiliyi qorumaq üçün »qəlb şairləri« gərəkdir. Çünki, saz özü, siz bayaq dediyimiz kimi, qəlb işidir. Sazda nə gəldi, necə gəldi oxumaq olmaz. Sazın yaddaşı çox qədimdir, sözün də yaddaşı qədim olanda bir-biri ilə tutur. Bunu ona görə dedim ki, söz də, saz da bir-birinə yaraşmalı, onlar bir-birini tamamlamalıdır. Onda sazın sehri, gücü böyük olur. Nəyə qadir olduğu aydınlaşır. Sazı heç vaxt urvatdan salmaq olmaz. Onda insan özü urvatsızlaşar. Mən sufi-dərviş, səmayi havaların ifaçısıyam. Qəlbimə, ruhuma bu havalar biçilib. Aşıq Alının bu bəndinə fikir verin.

Gəşt elədim, bu dünyanı dolandım,
Əllini keçirtdim, yüzə nə qaldı.
Ayaq getdi, əl gətirdi, diş yedi
Baxmaqdan savayı gözə nə qaldı.

Bu söz sizcə unudular? Əlbəttə yox. Bu sözlər dünyanın özü kimi qocalacaq. Həmişə Alı da, Ələsgər də, Qurbani də, Qaracaoğlan da oxunacaq. Ona görə ki, onların şeirlərində elm var. Sufi dərvişlərə gəldikdə isə bu gün onların sayı yetərincə deyil. Olsa da tək-tük, bir-iki-üç nəfər tapılar. Mən o xırda təriqət nümayəndələrini demirəm. Başıpozuq, mənasız, mənəviyyatsızlardan danışmıram. Bəzən də xalqa, dövlətə qarşı olurlar. Guya ki, əsl yolun yolçularıdılar. Əlbəttə sufi dərvişləri bunlarla tay etmək olmaz. Ən azı günahdır. Azərbaycanın bir çox yerlərində, məsələn, şimal zonasında nəqşibəndilər, Bakı ətrafında Nemətu-ilahilər, rifahilər, Zəngilan, Ordubad tərəfdə əhləkilər, xətaiçilər olub. Vaxt-zaman çoxlarını yox eləyib, bu gün Azərbaycanda sufi dərvişlər yoxdur. Əsl sufi dərvişlər radikallıqdan uzaq olanlardır. Məqsədləri, əməlləri isə daim insanları düzlüyə yönəltməkdir. Hz. Mövlanədən sitat gətirmək istərdim: »Kim olursan ol, yenə gəl«. Sözün mənası budur ki, dinindən-donundan asılı olmayaraq, hamı haqqa gəlməlidir. Qəlbi düz olmaqla sufi olmaq olar. Söhbətin əvvəlində dediyim kimi, ustadım öz qəlbim oldu. Nəsimi deyir ki, haqqın bəndəsi, insanın özüdür. İnsandan kənarda Allahı axtarmaq məchuldur. Hz.Əlidən soruşdular ki, »sən Allahı görürsən ki, ibadət edirsən?« Cavabı isə belə olur: »görməsəm ibadət etməzdim«.
Qısa ömrü boyu yaşayışını, həyat tərzini, nəfsini, dolanışığını, gəlişini-gedişini tənzimləyə bilən adamlar dərviş olur. Azərbaycanda Seyid Yəhya Bakuvi adlı bir alim-filosof olub. Bir sözlə, tək Bakuvi bütün dünya fəlsəfəsinə bəs edər qədərində dərindir. Amma çox təəssüflər olsun ki, bu günlərdə TV proqramlarında, qəzet-yurnal səhifələrində sufi-dərviş fəlsəfəsinin açılmasına, üstünlüklərinə həsr edilən verilişlərə, yazılara rast gəlmək olmur. Bu isə bizləri geriyə atır.
- Sufi dərvişlərin təkkə mərasimləri olub. Təkkə mərasimləriylə bağlı oxunan ilahilər haqqında fikirləriniz?
- Sufilərin təkkə mərasimləri olub. Bu mərasimlər ibadətlə başlayır. Qurandan surələr oxunur. İlahilər söylənilir. Bu mərasimlərdə musiqi alətləri də iştirak edir. Saz-balaban, qaval, ney, nağara. Burada çalınan musiqi və oxunan ilahilərdə get-gedə temp artır. Oxu və musiqi altında baş, bədən hərəkətə gəlir. Bu hərəkətlərə səmayi rəqslər deyirlər.
Təkkə mərasimlərindəki musiqi və rəqslər ilahi aləmlə səma ilə bağlıdır.

Savalan Talıblı
Azərbaycan Radiosu »Xalq yaradıcılığı« redaksiyasının əməkdaşı, jurnalist.




   User-Bewertung: 0
»texten« ist ein auf der ganzen Welt heiß diskutiertes Thema. Deine Meinung dazu schreibe bitte in das Eingabefeld.

Dein Name:
Deine Assoziationen zu »texten«:
Hier nichts eingeben, sonst wird der Text nicht gespeichert:
Hier das stehen lassen, sonst wird der Text nicht gespeichert:
 Konfiguration | Web-Blaster | Statistik | »texten« | Hilfe | Startseite 
0.0210 (0.0027, 0.0168) sek. –– 857304799